BAKI, 11 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İrandan qaynaqlanacaq mümkün sui-qəsd cəhdi halında Vaşinqtonun Tehrana qarşı kütləvi raket zərbələri endirəcəyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

“Min raket istifadəyə hazır vəziyyətdədir və İran İslam Respublikasını hədəf alıb. İran hökuməti dünyanın müxtəlif yerlərində səsləndirdiyi təhdidi həyata keçirərək ABŞ-nin fəaliyyətdə olan prezidentini, yəni məni öldürər və ya öldürməyə cəhd göstərərsə, onların ardınca daha minlərlə raket gələcək”, - deyə ABŞ prezidenti yazıb.

Tramp vurğulayıb ki, bununla bağlı göstərişlər artıq verilib.

Onun sözlərinə görə, ABŞ ordusu zərurət yaranacağı təqdirdə İranın müxtəlif bölgələrinə genişmiqyaslı zərbələr endirməyə hazırdır.

Qeyd edək ki, Donald Tramp iyulun 8-də də İran tərəfindən həyatına qarşı sui-qəsd təhlükəsi olduğunu iddia etmişdi. Lakin o zaman bu iddiasını təsdiqləyən hər hansı sübut təqdim etməmişdi.