BAKI, 16 iyun. TELEQRAF

Müşavirləri ABŞ Prezidenti Donald Trampın İranla anlaşmasından təəccübləniblər, çünki onlar razılaşmanın şərtlərinin hələ də müzakirə edildiyini düşünürdülər.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ rəsmilərinə istinadla bildirib.

Donald Tramp bazar günü müttəfiqlərinə, jurnalistlərə və Rusiya Prezidenti Vladimir Putinə müqavilənin tezliklə yekunlaşdırılacağını deyib. ABŞ administrasiyasının rəsmisinin sözlərinə görə, prezident bir neçə gündür razılaşmanın elan edilməsini və hərbi əməliyyatların dayandırılmasını gözləyirdi.

WSJ həmçinin qeyd edib ki, müqavilənin rəsmi olaraq cümə günü Cenevrədə imzalanmasının planlaşdırmasına baxmayaraq, Tramp vitse-prezident Ceyms Devid Vensdən israrla sənədi onlayn şəkildə imzalamasını istəyib: “Bu, Trampın razılaşmanın həyata keçirilməsinə sadiq olduğunu göstərir”.

Mənbə Ağ Evin müttəfiqləri ilə paylaşdığı sənədə istinadla ilkin razılaşmanı “Amerika vətəndaşları üçün qələbə” kimi xarakterizə edib. Ağ Evdəki mənbələrin fikrincə, razılaşma Hörmüz boğazını açmaqla ABŞ-nin təhlükəsizliyini gücləndirəcək, enerji qiymətlərini aşağı salacaq, başqa bir “sonsuz müharibə”nin qarşısını alacaq.

Sənəddə həmçinin qeyd edilib ki, Donald Trampın hərbi-iqtisadi kampaniyası İran rejimini sarsıdıb, Tehranın nüvə proqramını məhv edib.