BAKI, 27 oktyabr. TELEQRAF
ABŞ-nin strateji neft ehtiyatları 1982-ci ilin oktyabrından bəri ən aşağı səviyyəyə enib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin açıqladığı statistik məlumatlarda bildirilir.
Oktyabrın 23-də başa çatan həftənin nəticələrinə əsasən, ölkənin strateji neft ehtiyatları 282,6 milyon barelə qədər azalıb.
Son bir həftə ərzində ehtiyatlar təxminən 100 min barel azalıb. Bundan əvvəl daha aşağı göstərici 1982-ci il oktyabrın 15-də qeydə alınıb. Həmin vaxt strateji ehtiyatların həcmi 280,8 milyon barel təşkil edib.
Qeyd olunur ki, ABŞ-nin strateji neft ehtiyatları avqustun sonlarından etibarən 1982-ci ilin minimum göstəricilərini yeniləməyə başlayıb. Oktyabrın əvvəlində ehtiyatların həcmi 283 milyon barelə düşüb.
Xatırladaq ki, ABŞ-nin Strateji Neft Ehtiyatı 1975-ci ildə qlobal enerji böhranından sonra Konqresin qərarı ilə yaradılıb. Ehtiyatın əsas məqsədi fövqəladə hallar zamanı ölkənin enerji təhlükəsizliyini təmin etməkdir.