BAKI, 30 oktyabr. TELEQRAF

“ABŞ gələn il Venesuelada prezident seçkilərinin keçirilməsini təklif edib”.

Teleqraf xəbər verir ki, bunu Venesuela müxalifətinin lideri və Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado deyib.

“ABŞ dövlət katibi Marko Rubio demokratiyaya keçid üçün addımların ardıcıllığını açıqlayıb. Bu addımlardan görünür ki, 2027-ci ildə prezident seçkiləri keçiriləcək”, - Maçado Karakasda keçirilən mətbuat konfransında bildirib.

Müxalifət lideri səsvermə hüququ olan bütün venesuelalıların qarşıdakı seçkilərdə iştirak edə bilməsini təmin edəcəyinə də söz verib.

Maçado ABŞ Prezidenti Donald Trampın yanvarda onun Venesuelaya rəhbərlik etmək üçün kifayət qədər dəstəyə malik olmadığı barədə söylədikləri, eləcə də bu həftə Venesuelanın “ABŞ-nin 51-ci ştatı”na çevrilə biləcəyi ilə bağlı açıqlaması barədə suala cavab verməkdən yayınıb.

Məlumata görə, Tramp administrasiyası müvəqqəti Prezident Delsi Rodrigesin hökuməti ilə müxalifət qrupları arasında danışıqları dəstəkləyir. Maçadoya məxsus “Vente Venezuela” Hərəkatının daxil olmadığı bu qruplarla danışıqlar növbəti seçkilərdən əvvəl Venesuelanın Seçki Şurası və Ali Məhkəməsində islahatların aparılmasına yönəlib.