BAKI, 23 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp yanacaq qiymətlərinin yüksək olması ilə mübarizə çərçivəsində neft hasilatı, emalı və daşınmasını milli müdafiə üçün zəruri fəaliyyət elan edib.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin yaydığı prezident memorandumunda bildirilib.
Sənəddə qeyd olunub ki, ABŞ-nin daxili neft hasilatı və emalı imkanları, eləcə də boru kəmərləri, anbarlar və dəniz terminalları milli müdafiə üçün həyati əhəmiyyət daşıyan sənaye resursları və texnoloji komponentlərdir.
Tramp bu məqsədlə 1950–1953-cü illərdəki Koreya müharibəsi dövründən qalma Müdafiə İstehsalı Qanununun müvafiq müddəalarını işə salıb. Qanun prezidentə milli təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə müəyyən məhsulların istehsalını genişləndirmək səlahiyyəti verir.
Qərara əsasən, ABŞ Müdafiə Nazirliyinə neft sənayesinin inkişafına və istehsal güclərinin genişləndirilməsinə vəsait ayırmaq, müvafiq məhsullar almaq, subsidiyalar və kreditlər vermək, həmçinin kredit zəmanətləri təqdim etmək imkanı yaradılıb.
ABŞ prezidenti bu tədbirlərin həyata keçirilməsini müdafiə naziri Pit Heqsetə tapşırıb.