BAKI, 29 oktyabr. TELEQRAF

ABŞ-nin Cənubi Karolina ştatında yerləşən Savanna-River Milli Laboratoriyasında baş verən yanğından sonra aparılan yoxlamalar zamanı radioaktiv çirklənmə aşkarlanmayıb.

Teleqraf xəbər verir ki, bu barədə nüvə kompleksinin administrasiyası rəsmi açıqlama yayıb.

“Savanna-River Milli Laboratoriyasında baş verən yanğın artıq söndürülüb. Aparılan radiasiya yoxlamaları nəticəsində aşkar edilə bilən səviyyədə radioaktiv çirklənmə qeydə alınmayıb”, – açıqlamada bildirilib.

Xatırladaq ki, daha əvvəl kompleksin laboratoriyalarından birində yanğın baş verdiyi və radioaktiv maddələrin mümkün sızması barədə məlumat yayılmışdı.

Obyektin rəhbərliyi yanğının söndürüldüyünü və ərazidə radiasiya təhlükəsi ilə bağlı aparılan yoxlamalarda çirklənmə aşkarlanmadığını açıqlayıb.

06:27

***

ABŞ-nin Cənubi Karolina ştatında yerləşən Savanna-River nüvə kompleksinin laboratoriyasında yanğın baş verib və radioaktiv maddələrin sızması qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə yerli WRDW telekanalı məlumat yayıb.

Bildirilib ki, yanğın yerli vaxtla saat 17:00-dan sonra başlayıb. Hadisə nəticəsində radioaktiv maddələrin ətraf mühitə sızması qeydə alınıb.

Nüvə kompleksinin mətbuat xidməti sosial şəbəkə hesabında yanğının söndürüldüyünü açıqlayıb.

Rəsmi məlumata görə, obyektin hüdudlarından kənarda radioaktiv çirklənmə aşkarlanmayıb.

WRDW-nin məlumatına əsasən, hadisə zamanı laboratoriya əməkdaşları təxminən 30 dəqiqə sığınacaqda qalmalı olublar.

Daha sonra işçilərin kompleksi tərk etməsinə icazə verilib, lakin obyektin ərazisinə giriş müvəqqəti olaraq bağlanıb.