BAKI, 23 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı bir neçə gün davam edə biləcək hücumlar həyata keçirmək variantını nəzərdən keçirir. Amma bununla bağlı hələ yekun qərar qəbul edilməyib.

Teleqraf xəbər verir ki, bu barədə “Atlantic” məlumat yayıb.

Nəşrin yazdığına görə, mümkün hücumların hədəfləri arasında İranın nüvə obyektləri, raket və dron potensialı, eləcə də enerji infrastrukturu var. Qeyd edilib ki, iqtisadi təzyiqlərə baxmayaraq, Tehranın danışıqlara qayıtmaması Trampı qəzəbləndirib.

ABŞ Prezidentinin müşavirləri hesab edirlər ki, yeni hücumlar İranı güzəştlərə getməyə məcbur edə bilər. Bəziləri isə hərbi əməliyyatların genişləndirilməsinin əks nəticə verə biləcəyi barədə xəbərdarlıq edirlər.

Donald Tramp əvvəllər də İrana zərbə variantını nəzərdən keçirsə də, indiyədək yeni hərbi əməliyyatın həyata keçirilməsinə razılıq verməyib.