BAKI, 29 oktyabr. TELEQRAF

“Onlar ciddi insanlar deyillər, məsuliyyətsizliklərinin bədəlini isə hamımız ödəyirik”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp və Respublikaçılar Partiyası haqqında danışarkən sabiq prezident Barak Obama deyib.

“Səddam Hüseynlə bağlı müqayisə onu narahat etmədi. Amma “Cheesecake Factory” məsələsinə çox əsəbiləşdi. Yəni bütün bunlar dəlilikdir. Amma ən ağlasığmaz tərəfi budur ki, onlar bu zarafata cavab vermək üçün bütöv bir dövlət aparatını hərəkətə gətirdilər. Hətta Ağ Evdən maliyyə nazirinə də zəng edildi. İnflyasiyanı necə azaltmağın yollarını tapmağa çalışan adama dedilər ki, “Cheesecake Factory”nin qarşısında mətbuat konfransı keçirsin”, - o bildirib.

Obama həmçinin məşhur restoran şəbəkəsini misal çəkdiyinə görə Respublikaçıların onu özündənrazılıqda və sadə insanlara yuxarıdan baxmaqda ittiham etməsinə etiraz edib:

“Mən iki qız atasıyam. Sizcə, qızlarım uşaqlıq dövrünü yaşayarkən “Cheesecake Factory”yə getmədən bunun öhdəsindən gələ bilərdim?”.

Sabiq prezident amerikalı seçicilərin üzləşdiyi yaşayış xərcləri probleminə də diqqət çəkib: “Biz indiyədək imtiyaz və güzəştləri satmağa bu qədər can atan prezident görməmişik. Bu adam vəzifədə olduğu müddətdə milyardlarla dollar qazanıb. Anlamaq lazımdır ki, müasir dövrdə belə bir şey baş verməyib”.

Xatırladaq ki, Barak Obama oktyabrın 25-də Donald Trampın gəlişindən sonra Ağ Evin Səddam Hüseynin restoranına bənzədiyini söyləmişdi.