BAKI, 30 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın administrasiyası Avropa İttifaqının (Aİ) sanksiyalarına baxmayaraq, Belarusdan kalium gübrələrinin ixracı üçün Baltik dənizindəki əsas limanın açılması məqsədilə Litvaya təzyiq göstərir.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadla məlumat yayıb.

“Son həftələrdə Donald Trampın komandası litvalılarla əlaqələrini intensivləşdirib”, - danışıqların gedişindən məlumatlı şəxs bildirib.

Aİ rəsmilərinin sözlərinə görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Con Koul son həftələrdə Belarus məhsullarına tətbiq edilən sanksiyaların yumşaldılması məsələsi ilə bağlı Litva diplomatları ilə təmaslarda olub. Mövcud məhdudiyyətlər Belarus məhsullarının Aİ limanlarından daşınmasını qadağan edir. Bununla belə, sanksiyalar hər 12 aydan bir uzadılır.

Nəşr qeyd edib ki, ABŞ gübrə istehsalı üçün vacib olan bu komponentin tədarükündə Kanadadan asılılığını azaltmağa və amerikalı fermerlərin xərclərini aşağı salmağa çalışır.