BAKI, 29 aprel. TELEQRAF
ABŞ Senatında respublikaçı çoxluq prezident Donald Trampın Kubaya qarşı mümkün hərbi addımlarını məhdudlaşdırmağı nəzərdə tutan qətnamənin qəbuluna imkan verməyib.
Teleqraf "Reuters" agentliyinə istinadən xəbər verir ki, təşəbbüs demokrat senatorlar tərəfindən irəli sürülüb.
Məlumata görə, qətnamənin bloklanmasının lehinə 51 senator səs verib, 47 nəfər əleyhinə çıxıb, iki qanunverici isə bitərəf qalıb.
Florida ştatından respublikaçı senator Rik Skott bildirib ki, bu məsələnin müzakirəsi vaxtsızdır. Onun sözlərinə görə, ABŞ prezidenti hazırda Kuba ərazisinə hərbi qüvvə yerləşdirməyib.
“Bu mərhələdə hərbi səlahiyyətlərlə bağlı səsvermə uyğun deyildi”, - deyə Skott qeyd edib.
Qeyd edək ki, Donald Tramp aprelin 19-da Kubada yaxın zamanda “yeni dövrün başlanacağını” bəyan etmişdi.