BAKI, 5 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına hücum etdiyinə inanmır.

Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib.

Jurnalistlər Trampa xatırladıblar ki, o, Ukraynanın Novqoroda zərbə endirməsi səbəbilə Prezident Volodimir Zelenskiyə qarşı son dərəcə qəzəbli olduğunu demişdi. Buna cavab olaraq Tramp qeyd edib ki, belə bir zərbənin ümumiyyətlə baş verdiyinə inanmır.

“Yaxınlıqda doğrudan da nəsə baş verib, amma bunun onunla heç bir əlaqəsi yoxdur”, - ABŞ Prezidenti əlavə edib.

Amerika lideri əvvəl Putinə niyə inandığını və Zelenskini nə üçün günahlandırdığını da izah edib:

“O zaman heç kim heç nə bilmirdi. Bunu ilk dəfə məhz həmin anda eşitdim. O (Putin) dedi ki, evi hücuma məruz qalıb. Biz bunun baş verdiyinə inanmırıq - ən azı indi yoxlama imkanımız olmadığı üçün. Amma o vaxt bu barədə ümumiyyətlə ilk dəfə eşidirdik”.