BAKI, 18 noyabr. TELEQRAF
Qlobal internet şəbəkəsində texniki problemlər yaranıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin “Cloudflare” şirkəti məlumat verib.
Şirkət bildirib ki, baş verənlər bütün dünya üzrədir. Server problemləri qlobal miqyasda internet kəsintələrinə səbəb olur. Hələ hadisənin səbəbi məlum deyil, internet saytları ilə yanaşı, mobil tətbiqlər və sosial media platformalarına girişdə çətinliklər yaşanır.
“Cloudflare” bir çox müştəriyə təsir edən problemdən xəbərdardır, onu həll etməyə çalışırıq”, - şirkət öz saytında yazıb .
“Downdetector”un məlumatına görə, xidmətlə bağlı bütün ölkələrdən çoxsaylı şikayət olub. Şikayətlərin əksəriyyəti serverə qoşula bilməmə ilə bağlıdır.
Qeyd edək ki, Azərbaycanın media məkanındakı bir sıra saytlar da baş verənlərdən təsirlənib.
“Cloudflare” veb-saytların sürətli, təhlükəsiz və fasiləsiz fəaliyyət göstərməsinə kömək edən internet xidmətləri şirkətidir.