BAKI, 7 oktyabr. TELEQRAF
“ABŞ Prezidenti Donald Trampın Ukraynaya uzaqmənzilli “Tomahawk” raketlərini vermək qərarını dəyişdirməsi mümkündür — bu, onun Vladimir Putinlə keçirəcəyi görüşün nəticələrindən asılı olacaq”.
Teleqraf xəbər verir ki, bunu ukraynalı analitik Oleksiy İjak bildirib.
“Tramp və Putin arasında söhbət olmalıdır. Orada aydın olacaq ki, Ukrayna “Tomahawk”larla Rusiyanın ağrılı nöqtələrinə zərbə endirməsin deyə, Putin hansı güzəştə getməyə hazırdır. Əgər o, Trampa müəyyən güzəştlər etsə, bəlkə də “Tomahawk”lar verilməyəcək. Amma Putin yenə “mənə daha üç ay verin, Ukraynanı tutum” desə, o zaman “Tomahawk”lar göndəriləcək”, – İjak qeyd edib.
O əlavə edib ki, bu raketlər dronlarla məhv edilə bilməyən strateji Rusiya obyektlərinə qarşı istifadə oluna bilər. Ekspertin sözlərinə görə, Rusiya hazırda çətin vəziyyətdədir və Ukraynaya silah tədarükünü dayandırmaq üçün müxtəlif vasitələrə əl atır. Bunu Ukraynanın enerji infrastrukturuna endirilən zərbələr, Lvova hücumlar və Avropada artan Rusiya təxribatları da sübut edir.
Donald Tramp bundan əvvəl Ukraynaya “Tomahawk” raketlərinin verilə biləcəyini açıqlamışdı. Amma o, əvvəlcə ukraynalıların bu silahı necə istifadə edəcəklərini dəqiqləşdirmək istəyir.
ABŞ-nin Müharibə Araşdırmaları İnstitutuna görə, bu raketlər Ukraynaya Rusiya ərazisindəki mühüm hərbi obyektləri, məsələn, Yelabuqadakı “Şahid” dron zavodunu və ya Saratov vilayətindəki “Engels-2” aviabazasını vurmaq imkanı verərdi.