BAKI, 31 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə görüşlərinin nəticələri barədə Ağ Ev rəhbərinə şəxsən məruzə edib.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşrin yazdığına görə, Uitkoff Putinlə danışıqların gedişi barədə yalnız Trampa məruzə edib, Administrasiyanın digər nümayəndələrinə heç bir məlumat verilməyib.

"Reuters" yazıb ki, Uitkoff Moskvada Vladimir Putinlə bu yaxınlarda keçirilən görüşdə protokolu pozub. O, Kremlə stenoqrafsız gəlib və bu da sonradan Rusiya liderinin Ukrayna münaqişəsi ilə bağlı mövqeyinin təhrif olunmuş şəkildə çatdırılması ilə nəticələnib. Bu da öz növbəsində Alyaskada “tələsik təşkil olunmuş” sammitə gətirib çıxarıb.

Avqustun 6-da Putinlə görüşdən sonra Uitkoff Trampa deyib ki, Moskva guya Ukraynada müharibəyə son qoymaq üçün mühüm ərazi güzəştlərinə hazırdır. Bundan sonra Ağ Evin rəhbəri “böyük irəliləyiş” elan edib və avqustun 15-də Rusiya lideri ilə Alyaskada görüşə razılaşıb.

Görüşdə məlum olub ki, Putin heç bir ərazi güzəştinə hazır deyil.