BAKI, 23 avqust. TELEQRAF
ABŞ maliyyə nazirinin müavini Maykl Folkender Prezident Donald Trampın fikirlərini bölüşmədiyi üçün vəzifəsini tərk edib.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, ABŞ liderinin narazılığının səbəblərindən biri Folkenderin ABŞ Daxili Gəlirlər Xidmətinə rəhbərlik edən Billi Lonq ilə münaqişəsi olub. Bundan əlavə, Tramp Folkenderin ABŞ-nin maliyyə siyasətinə dair baxışlarının keçmiş maliyyə naziri Stiven Mnuçinin yanaşmasına yaxın olmasından narazı olub. Folkender əvvəllər Mnuçinin köməkçisi kimi çalışıb. Tramp daha əvvəl Mnuçini ilk prezidentlik müddətində ABŞ Federal Ehtiyat Sisteminin sədri vəzifəsinə Cerom Pauelli təyin etməyi məsləhət gördüyü üçün tənqid etmişdi.
Xatırladaq ki, Folkender beş ay vəzifədə olduqdan sonra 21 avqustda istefa verib. Nə maliyyə nazirliyi, nə də Folkenderin özü istefanın səbəblərini açıqlamayıb.