BAKI, 27 oktyabr. TELEQRAF

İordaniya Hərbi Hava Qüvvələrinin gecə saatlarında Suriyanın Dəra vilayətindəki bir neçə sərhəd bölgəsinə endirdiyi zərbələr nəticəsində azı 8 suriyalı həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə Suriya mediası məlumat yayıb.

Qeyd edilib ki, hava zərbələri nəticəsində ölənlərin sayı 5-dən 8-ə yüksəlib. Həlak olanlar arasında 3 uşaq və 1 qadın var. Daha 4 nəfər yaralanıb.

Oktyabrın 26-da İordaniya Hərbi Hava Qüvvələrinin komandanlığı Suriyanın cənubunda ekstremist qruplaşmalara məxsus obyektlərə zərbələr endirildiyini açıqlayıb. Buna səbəb kimi İordaniyanın Əl-Kərək vilayətində Müqəddəs Georgi kilsəsinə hücumun həmin qruplaşmaların həyata keçirdiyi göstərilib. Oktyabrın 23-də anım mərasimi zamanı törədilən terror aktı nəticəsində 9 nəfər həlak olub, daha 34 nəfər yaralanıb.

Suriya hökuməti ölkənin cənub bölgələrinə endirilən zərbələri pisləyərək, hücumların Dəməşqlə razılaşdırılmadığını bildirib. Buna cavab olaraq Suriya hakimiyyəti İordaniya ilə sərhəddə yerləşən “Nəsib” keçid məntəqəsindən sərnişin və yükdaşımalarını dayandırıb.