BAKI, 27 oktyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının IX turunda “Sabah” "Dalğa Arena"da “Qarabağ”la qarşılaşıb. Çempionluq uğrunda mübarizə aparan komandaların duelində qapılara qol vurulmayıb.
Oyundan sonra “Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayev Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Sizcə, 1 xal qazandınız, yoxsa 2 xal itirdiniz?
– İki liderin qarşılaşdığı gərgin oyun oldu. Hər iki komandanın üstünlükləri var idi. Fürsətlərimizi qola çevirə bilmədik, iki qolumuz ləğv edildi. Heç-heçə ilə kifayətləndik. Məqsədimiz 3 xal qazanmaq idi, amma alınmadı. Bundan sonra da işləməyə, oyundan-oyuna irəliləməyə davam edəcəyik. Artıq bu qarşılaşmanı geridə qoymuşuq və növbəti oyunlara köklənmişik.
– İki qolunuzun ləğv edilməsi komandanın əhval-ruhiyyəsinə necə təsir etdi?
– Biz hakimlərin işinə qarışmırıq. Bu, futboldur. Hakimlik barədə danışmaq istəmirəm, çünki bu, onların işidir. Bizim vəzifəmiz yaşıl meydanda futbol oynamaqdır. Hakimlər də öz işlərini görməli, oyunu idarə etməlidirlər. Qərarlarına qarışmaq və bu barədə danışmaq mənim üçün düzgün olmaz.
– Oyunu FIFA prezidenti Canni İnfantino da stadiondan izləyirdi. Bu barədə təəssüratlarınız necədir?
– Əlbəttə, FIFA prezidentinin oyunumuzu stadiondan izləməsi çox xoşdur. Bu, Azərbaycan futbolu və çempionatımız üçün də əlamətdar hadisədir. Belə şəxslərin oyunları izləməsi futbola olan marağı daha da artırır. Biz isə futbolçular olaraq meydana çıxıb öz işimizi görür, azarkeşlərə yaxşı oyun göstərməyə çalışırıq.
– “Qarabağ” həm də sizin sabiq klubunuzdur. Bu komanda ilə qarşılaşmaq ayrıca əhəmiyyət daşıyır?
– Mənim doğma klubum “Sabah”dır. “Qarabağ”a isə uğurlar arzulayıram. Bu kluba böyük hörmətim var, orada çoxlu dostlarım çıxış edir. Onlara yalnız uğur və inkişaf arzulayıram. Mən bütün qəlbimlə “Sabah”dayam. “Qarabağ”da da vaxtilə oynamışam, orada çoxlu dostlarım var. Amma dediyim kimi, bu qarşılaşma mənim üçün qeyri-adi oyun deyildi. “Qarabağ”a uğurlar arzulayıram.
– Çempionluq yolunda əsas rəqiblərinizdən olan “Qarabağ” və “Neftçi” ilə heç-heçə etmisiniz. Bu nəticələrin çempionluq uğrunda mübarizədə işinizi çətinləşdirəcəyini düşünürsünüz?
– Düzdür, “Qarabağ” və “Neftçi”ni çempionluq uğrunda əsas rəqiblərimizdən hesab etmək olar. Amma hazırda liqada çox yaxşı komandalar var. “Zirə”, “Turan Tovuz” və digər rəqiblərimizə də eyni cür yanaşırıq. Bütün oyunlara eyni səviyyədə hazırlaşır və hər qarşılaşmada qələbə qazanmağa çalışırıq.
– Həm Çempionlar Liqasında, həm də Azərbaycan Premyer Liqasında mübarizə aparırsınız. Sıx oyun qrafiki işinizi nə dərəcədə çətinləşdirir?
– İki turnirdə eyni vaxtda iştirak etmək çətin deyil. Söhbət Çempionlar Liqasından və Premyer Liqadan gedir. Belə qrafik bizi yorub tükətmir. Biz peşəkar futbolçularıq və işimizi yerinə yetirməliyik. Sıx qrafikə uyğunlaşıb öz vəzifəmizi icra etməliyik.
– Sonda azarkeşlərə nə demək istərdiniz?
– Dəstəklərinə görə onlara çox təşəkkür edirəm. Stadionun dolu olması həmişə xoşdur. Hər zaman gəlin, sizi görməyə şad olarıq. Sizi gözəl oyunla sevindirməyə çalışacağıq.