BAKI, 27 oktyabr. TELEQRAF
Bakı Prosesi qarşılıqlı anlaşma və xalqlar arasında mədəniyyətlərarası dialoq platformasına çevrilib.
Teleqraf xəbər verir ki, bunu Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum çərçivəsində Bakıda keçirilən “Tərəfdaşlıqdan birgə fəaliyyətə: süni intellekt dövründə mədəniyyətlərarası dialoq naminə qlobal qarşılıqlı fəaliyyətin gücləndirilməsi” mövzusunda xüsusi birgə sessiyada deyib.
"Ölkə rəhbərlərinin siyasi dialoqu sayəsində bu proses mədəniyyətlərarası dialoq müstəvisində də inkişaf edib. Bunun nəticəsi olaraq, Heydər Əliyev adına məktəbin açılması və Nizami Gəncəvi adına Dostluq Parkının istifadəyə verilməsi xalqlar arasında dostluq və qardaşlığın təzahürüdür. Qarşımızda duran əsas vəzifə qütbləşmə və süni intellekt dövründə konkret birgə fəaliyyətlərin həyata keçirilməsidir. Rəqəmsal inkişaf, musiqi ekosistemlərinin rəqəmsallaşdırılması və süni intellektin inkişafı mədəni irsin qorunmasına xidmət etməlidir", - deyə bildirib.