BAKI, 27 oktyabr. TELEQRAF
Baş prokuror Kamran Əliyev Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb.
Bu barədə Teleqraf-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Cari il 27 və 28 oktyabr tarixlərində Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Maldiv Respublikasının Korrupsiyaya Qarşı Komissiyasının sədri Adam Şamil və Misir Ərəb Respublikasının İnzibati Nəzarət Orqanının sədri Əmr Adel Hosni ilə ayrı-ayrılıqda görüşlər keçirib.
Görüşlərdə Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi və institusional islahatlar, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, korrupsiyaya qarşı mübarizə mexanizmlərinin təkmilləşdirilməsi və korrupsiya risklərinin qarşısının alınması istiqamətində görülən tədbirlər barədə məlumat verib.
Misir Ərəb Respublikasının İnzibati Nəzarət Orqanının sədri ilə görüşdə Azərbaycan-Misir münasibətlərinin tarixi dostluq və qarşılıqlı hörmətə əsaslandığı vurğulanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il iyunun 8-də Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə keçirdiyi görüşə istinad edilərək, iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun, habelə BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Tərəflər Azərbaycan Respublikasının Baş Prokurorluğu, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Misirin İnzibati Nəzarət Orqanı arasında əlaqələrin genişləndirilməsi, korrupsiya hüquqpozmalarının qarşısının alınması, aşkarlanması və araşdırılması sahəsində təcrübə mübadiləsi, habelə səmərəli nəzarət mexanizmlərinin tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Maldiv Respublikasının Korrupsiyaya Qarşı Komissiyasının sədri ilə görüşdə Azərbaycan və Maldiv Respublikası arasında diplomatik münasibətlərin 1994-cü ildə qurulduğu qeyd olunub, siyasi dialoqun və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafının əhəmiyyəti vurğulanıb. Bu kontekstdə Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzunun COP29 çərçivəsində Azərbaycana səfəri və tədbirdə iştirakı xatırlanıb.
Tərəflər korrupsiya hüquqpozmalarının qarşısının alınması və aşkar edilməsi, məlumat mübadiləsinin genişləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və beynəlxalq hüquqi əməkdaşlığın səmərəliliyinin artırılması məsələlərini müzakirə ediblər.
Baş prokuror, həmçinin, Komissiyanın üzvünün də 2025-ci ilin may ayında Bakıda keçirilmiş GlobE Şəbəkəsinin Altıncı Plenar İclasında və İdarəetmə Komitəsinin 10-cu iclasında iştirakını xatırladaraq, bu platformaların beynəlxalq antikorrupsiya əməkdaşlığındakı rolunu qeyd edib.
Hər iki görüşdə antikorrupsiya sahəsində institusional əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübənin paylaşılması və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Tərəflər müvafiq qurumlar arasında əməkdaşlığın gələcək inkişafına qarşılıqlı maraq ifadə ediblər.