BAKI, 27 oktyabr. TELEQRAF

Türkiyə NATO üzrə müttəfiqlərinə Qara dəniz boğazları ilə bağlı Montrö Konvensiyasının tətbiqində güzəştə getmək niyyətində olmadığını açıq şəkildə bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin hökumətyönlü “Yeni Şafak” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ və Fransa uzun müddətdir Qara dənizdə hərbi iştiraklarını genişləndirməyə çalışsa da, Ankara hesab edir ki, bu dəniz hövzəsində təhlükəsizliyi yalnız sahil ölkələri təmin etməlidir:

“Türkiyə rəsmiləri sahilyanı olmayan ölkələrə dəniz qüvvələrinin yerləşdirilməsinə icazə verilməyəcəyinə dair açıq siqnal göndəriblər. NATO Türkiyənin bu həssaslığından xəbərdardır”.

1936-cı ildə imzalanmış Montrö Konvensiyası İstanbul boğazlarında gəmiçiliyi tənzimləyir. Türkiyə Konvensiyanın 19-cu maddəsinə əsasən, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Qara dənizdə gərginliyin daha da artmasının qarşısını almaq üçün boğazları münaqişə tərəflərinin və sahilyanı olmayan dövlətlərin hərbi gəmilərinin keçidi üçün bağlayıb.