BAKI, 27 oktyabr. TELEQRAF

"Qadınlar qərarvermə prosesindən uzaq qalır. Bizim məqsədimiz bunun qarşısını almaq olmalıdır".

Teleqraf xəbər verir ki, bunu UNESCO-nun Baş direktorunun müavini Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum çərçivəsində Bakıda keçirilən “Tərəfdaşlıqdan birgə fəaliyyətə: süni intellekt dövründə mədəniyyətlərarası dialoq naminə qlobal qarşılıqlı fəaliyyətin gücləndirilməsi” mövzusunda xüsusi birgə sessiyada deyib.

"Qadınlar bir çox ölkələrdə müəllimlərin, kitabxanaçıların, jurnalistlərin əksəriyyətini təşkil edir, turizmdə çalışırlar, həmçinin bu gün alimlər və hamımızın güvəndiyimiz tədqiqatların tərəfdaşlarıdırlar" - Asa Regner əlavə edib.

Onun sözlərinə görə, UNESCO və Beynəlxalq Jurnalistlər Mərkəzinin birlikdə apardığı tədqiqat zamanı müəyyən edilib ki, bu tədqiqatda iştirak edən qadın jurnalistlərin dörddə üçü onlayn zorakılıq təcrübəsi yaşayıb.

Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna görə Prezident İlham Əliyevə təşəkkür edib.