BAKI, 27 oktyabr. TELEQRAF

Tacikistan Bakı prosesinin məqsəd və prinsiplərinə sadiqdir.

Teleqraf xəbər verir ki, bunu bunu Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum çərçivəsində Bakıda keçirilən “Tərəfdaşlıqdan birgə fəaliyyətə: süni intellekt dövründə mədəniyyətlərarası dialoq naminə qlobal qarşılıqlı fəaliyyətin gücləndirilməsi” mövzusunda xüsusi birgə sessiyada deyib.

"Texnoloji proses mədəniyyətlərin dayanıqlılığına xələl gətirməməli və məhdud rəqəmsal resurslara malik dillərin sıxışdırılması ilə müşayiət olunmamalıdır. Əksinə, o, milli-mədəni dəyərlərin, tarixi yaddaşın və dilin qorunması və inkişafı üçün imkanları genişləndirməlidir. Məhz buna görə də Tacikistanda mədəni suverenliyin qorunması və süni intellekt sistemlərində milli dillərin və mədəniyyətlərin tamhüquqlu təmsilçiliyinin təmin edilməsi texnologiya sahəsində dövlətlərarası və beynəlxalq əməkdaşlıq çərçivəsində etibarlı tərəfdaşlığın mühüm istiqaməti kimi dəyərləndirilir", - deyə nazir əlavə edib.

Nazir bildirib ki, süni intellekt mədəni irsin qorunması və qarşılıqlı anlaşmanın genişləndirilməsinin əsas alətlərindən birinə çevrilməli, xalqlar arasında mədəni bərabərsizliyi dərinləşdirən və ya yadlaşmaya səbəb olan əlavə amilə çevrilməməlidir.