CƏLİLABAD, 9 may. Teleqraf
Cəlilabadda baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.
Hadisəni törətməkdə şübhəli bilinən Nicat Cəbiyevin qardaşı Rahim Cəbiyev Teleqraf-ın Cənub bürosuna bildirib ki, insidentin başlanğıcı tərəflərin övladları arasında məktəbdə yaranan mübahisə olub.
Müxtəlif siniflərin birləşdirilmiş dərsi zamanı iki şagird arasında münaqişə baş verib.
“İki sinifi birləşdiriblər. Uşaqlar arasında mübahisə yaranıb, biri digərinə şillə vurub. Müəllimlər isə məsələyə ciddi müdaxilə etməyiblər. Valideynləri çağırıb uşaqları barışdırmalı idilər ki, məsələ böyüməsin”, – deyə Rahim Cəbiyev bildirib.
İddialara görə, hadisədən sonra İlqar Quliyev Nicat Cəbiyevin evinə gələrək onunla mübahisə edib. Rahim Cəbiyevin sözlərinə əsasən, tərəflər arasında söhbət zamanı İlqar Quliyevin oğlu yaxınlaşaraq hadisəni izah etməyə çalışıb. Bu zaman İlqar Nicatın övladına fiziki güc tətbiq edib.
Rahim Cəbiyev iddia edib ki, övladına qarşı zor tətbiq olunduğunu görən Nicat Cəbiyev bıçağa əl atıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

***
11:12
Cəlilabad rayonunda məktəblilər arasında mübahisə valideynlərin iştirakı ilə qanlı hadisəyə çevrilib. Hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, iki məktəbli arasında yaranan mübahisədən sonra onların valideynləri — Nicat Cəbiyev və İlqar Quliyev məsələni aydınlaşdırmaq üçün görüşüblər.
Mübahisə zamanı Nicat Cəbiyev İlqar Quliyevə çoxsaylı bıçaq xəsarətləri yetirib.
Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Nicat Cəbiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.