BAKI, 18 fevral. TELEQRAF

“Ermənistan Azərbaycanla sülh sazişini iyunun 7-də keçiriləcək parlament seçkilərinə qədər imzalamağa hazırdır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Sərkis Xandanyan deyib.

Parlament seçkilərinədək sülh sazişinin imzalanmasının mümkün olub-olmaması sualına Xandanyan belə cavab verib:

“Bir aya bir il olacaq ki, sülh sazişinin mətni razılaşdırılıb, masanın üzərindədir və paraflanıb. Buna görə də bunu mümkün qədər tez edə bilərik. Niyə də olmasın? Bəli, seçkilərdən əvvəl həyata keçirmək istəyirik. Ermənistan hazırdır və mətnə razılıq verib. Qalanı Azərbaycandan asılıdır. Bu, Ermənistanın 100 faiz hazır olduğu məsələlərdən biridir”.

Qeyd edək ki, sülh sazişinin imzalanması üçün Azərbaycanın əsas şərti Ermənistan Konstitusiyasına müvafiq dəyişikliyin edilməsi ilə əlaqəlidir. Söhbət Ermənistan Konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının çıxarılmasından gedir.