BAKI, 18 fevral. TELEQRAF
“Rusiya ABŞ və İran arasında aparılan danışıqlar nəticəsində regionun yeni hərbi avantüraya sürüklənməyəcəyinə ümid edir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomat ABŞ-nin Tehranın Vaşinqtonun təklif etdiyi şərtləri qəbul etmədiyi təqdirdə İrana zərbə endirilə biləcəyi ilə bağlı açıqlamalarını belə şərh edib:
“Biz hələ də nizamlanmaya nail olmaq, mümkün razılaşmaların həyata keçirilməsi istiqamətində siyasi-diplomatik səylərə töhfə verməyə hazırıq və ümid edirik ki, sağlam məntiq üstün gələrək, region dağıdıcı nəticələrə səbəb ola biləcək yeni hərbi avantüraya cəlb olunmayacaq”.
Zaxarova vurğulayıb ki, təhdid və şantaj danışıqlar uğurlu prosesə uğuruna xidmət etmir: “Rusiyada əmindirlər ki, İranın nüvə problemi üzrə hamı üçün məqbul həll yollarının tapılması yalnız bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan dialoq vasitəsilə mümkündür. Dialoqa ağlabatan alternativ yoxdur”.