BAKI, 18 fevral. TELEQRAF
"Region ölkələri son illərdə təhlükəsizlik sahəsində əməkdaşlığın institusional əsaslarını formalaşdırıb və bu istiqamətdə mühüm sənədlər qəbul olunub".
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun direktorunun birinci müavini Akramjon Nematov bu gün Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, dünya yeni reallıqla üz-üzədir və beynəlxalq münasibətlər sistemində təhlükəsizlik amili daha da ön plana çıxır:
“Bu şəraitdə regional əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. 2018-ci ildən etibarən Mərkəzi Asiya ölkələrinin Məşvərət görüşləri çərçivəsində təhlükəsizlik sahəsində mexanizmlər formalaşdırılıb. Təhlükəsizlik Şuralarının görüşləri keçirilib, müdafiə və xüsusi xidmət orqanları rəhbərlərinin toplantıları təşkil olunub”.
O bildirib ki, dövlət başçıları tərəfindən regional təhlükəsizlik, sabitlik və dayanıqlı inkişafın təmin edilməsinə dair Konsepsiya təsdiqlənib:
“Sənəd təhlükəsizliyə çoxölçülü yanaşmanı nəzərdə tutur və enerji, nəqliyyat, sosial-iqtisadi sabitlik, eləcə də kibertəhlükəsizlik məsələlərini əhatə edir. Bununla yanaşı, ikiillik “Risklər kataloqu” qəbul edilib. Bu sənəd konkret riskləri və onların qarşısının alınması mexanizmlərini müəyyən edir”.
A. Nematov vurğulayıb ki, qəbul edilən sənədlər regionun təhlükəsizlik sahəsində daha koordinasiyalı və sistemli fəaliyyətinə xidmət edir.