BAKI, 18 fevral. TELEQRAF
"Prezident İlham Əliyevin Azərbaycan dövlətinin gələcək inkişafı naminə görülən işlər şübhəsiz ki, tarixə yazılacaq. Bu mənada təhsillə, ali və orta məktəblərlə bağlı ölkə başçısının "Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər olduqca önəmlidir.
Bu sözləri Teleqraf-a Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla deyib.
Akademik bildirib ki, bu mənada rəqəmsallaşma və süni intellektlə bağlı universitetlərin qarşısında çox ciddi vəzifələr durur:
“Təhsil işçiləri olaraq bizlər də gərək bu məsələlərin reallaşmasına nail olaq. Bu baxımdan Prezidentin tövsiyələri əsasında Azərbaycan Dillər Universitetində artıq süni intellektin öyrənilməsi, rəqəmsallaşmanın tətbiqi və inkişafı istiqamətində müəyyən işlər görülür. Artıq bununla bağlı mərkəz yaradılıb və orada çalışacaq mütəxəssislər cəlb edilir”.
Rektor universitetin hər bir nöqtəsində, tələbə və müəllimlərin fəaliyyətinə dair rəqəmsallaşmanın tətbiqindən də bəhs edib:
“Süni intellektlə bağlı humanitar elmlərin bu istiqamətdə verə biləcəyi potensialın üzə çıxarılması üçün bütün zəruri addımların atılması nəzərdə tutulub”.