BAKI, 18 fevral. TELEQRAF
“İkinci Dünya müharibəsi dövründə qan itirən və aclıq çəkən Polşaya SSRİ yardım etmişdi”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Polşanın Moskvadan təzminat tələb etmək niyyətinə dair məlumatı şərh edərkən deyib.
Diplomat xatırladıb ki, 1945-ci ildə Polşaya 50 milyon rubl kreditin verilməsi və xarici ticarət ehtiyacları üçün əlavə 10 milyon dollar ayrılması barədə saziş imzalanıb. Zaxarovanın sözlərinə görə, sovet respublikaları Polşaya kömür, kerosin, motor yağı, duz, çay, ət, tekstil xammalı, çörək, şəkər, günəbaxan yağı və əkin üçün toxumlar göndəriblər.
“Bu illərin nə olduğunu xatırlayın - 1945-ci il. Əgər fevraldan danışırıqsa, bu, qələbəyə bir neçə ay qalmış dövrdür. Döyüşlər hələ də qanlı şəkildə davam edir, qələbə yalnız düşüncə və planlarda idi, Sovet İttifaqının bərpası isə hələ xəyallardaydı. Ölkə qan itirdiyi, aclıq və soyuqdan əziyyət çəkdiyi, dağıldığı, ailələrin qovuşa bilmədiyi bir vaxtda Polşa özünün bərpası üçün bu yardımı alırdı.
Varşavanın necə bərpa edildiyini burada izah etmək mümkün deyil, bunu görmək lazımdır. Müharibənin sonunda Varşavanın necə olduğunu və 5-10 ildən sonra hansı hala gəldiyini müqayisə etmək kifayətdir. Bunu edən Sovet İttifaqı idi”, - o əlavə edib.
Zaxarovanın fikrincə, Polşadan bu cür bəyanatlar səsləndirənlərə hər dəfə Sovet İttifaqının göstərdiyi yardımlar xatırladılmalıdır:
“Onlara bunu heç vaxt biz xatırlatmamışıq. Heç vaxt verdiyimiz nə çörək, nə enerji resursları, nə də kömürü üzlərinə vurmuşuq. Amma bu insanlar - adlarını necə qoyacağımı bilmirəm - guya onlara qarşı zorakılıq edildiyi barədə uydurmalar danışanda, bunu deməyə məcbur oluruq”.
“Financial Times” bundan öncə yazmışdı ki, Polşa sovet dövründə törədilmiş cinayətlərə görə Rusiyadan təzminat tələb edən məhkəmə iddiası hazırlayır. Təşəbbüs Baş nazir Donald Tuskun tapşırığı ilə həyata keçirilir.