BAKI, 18 fevral. TELEQRAF

Masallı rayonunun Banbaşı kəndində olan bir toyuq kəsimi sexində plandankənar yoxlama aparılıb.

Teleqraf xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, sex Cəfərov Rövşən Cəfərbala oğluna məxsus olub.

"Yoxlama zamanı obyektin qida təhlükəsizliyi ilə bağlı tələbləri ciddi şəkildə pozduğu müəyyən edilib. Belə ki, sexin sanitar-gigiyenik tələblərə cavab vermədiyi, təmizlik və dezinfeksiya üçün uyğun şəraitin olmadığı, həmçinin dezinfeksiya işlərinin aparılmadığı, qida ilə təmasda olan səthlərin korroziyaya davamlı və yuyula bilən materiallarla üzlənmədiyi, təmizləyici vasitələr üçün ayrıca yerin olmadığı müəyyən edilib. Bundan başqa, kəsim üçün gətirilən quşların müşayiətedici baytarlıq sənədlərinin də mövcud olmadığı aşkarlanıb.

Nöqsanlarla bağlı inzibati protokol tərtib edilib və obyektin fəaliyyəti qanunvericiliyə uyğun olaraq məhdudlaşdırılıb", - məlumatda qeyd olunub.