BAKI, 18 fevral. TELEQRAF

Bu gün Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Azərbaycan–C6 (Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri) beyin mərkəzlərinin konfransı keçirilib.

Teleqraf xəbər verir ki, “C6: Vahid region, ortaq gələcək – strateji dialoqun gücləndirilməsi” mövzusuna həsr edilən beynəlxalq konfransda C6-ya üzv ölkələrin aparıcı beyin mərkəzlərinin nümayəndələri də daxil olmaqla, ümumilikdə 60-a yaxın iştirakçı təmsil olunub.

Açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, 2025-ci ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinin tamhüquqlu üzvünə çevrilməsi regional əməkdaşlıqda mühüm mərhələdir.

Onun sözlərinə görə, bu addım Xəzər dənizi hövzəsi boyunca daha inteqrasiya olunmuş geoiqtisadi və geosiyasi məkanın formalaşmasına töhfə verərək, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrini daha da möhkəmləndirəcək.

F.Şəfiyev vurğulayıb ki, Mərkəzi Asiya Azərbaycan üçün yalnız qonşu deyil, həm də təbii tərəfdaşdır.

O qeyd edib ki, ortaq tarix və zəngin mədəni irs mühüm əsas yaratsa da, bugünkü əməkdaşlığı fərqləndirən başlıca amil enerji, nəqliyyat, logistika və infrastruktur sahələrində geoiqtisadi əməkdaşlıqdır:

“Prezident İlham Əliyevin 2023-cü ilin sentyabrında Düşənbədə və 2024-cü ilin avqustunda Astanada keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərində fəxri qonaq qismində iştirakı Cənubi Qafqaz və Mərkəzi Asiyanın vahid strateji məkan kimi qəbul olunduğunu nümayiş etdirib”.

Daha sonra çıxış edən Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutu yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Şiri Şiriyev Azərbaycanın Mərkəzi Asiya Liderlərinin Məşvərət Görüşlərinə qoşulmasını regional əməkdaşlıq tarixində yeni mərhələ kimi qiymətləndirib.

Onun sözlərinə görə, “C6”yalnız dialoq platforması deyil, həm də qlobal qeyri-sabitlik şəraitində ortaq həllər tapmağa, qarşılıqlı faydaya əsaslanan dayanıqlı iqtisadi əlaqələr qurmağa, eləcə də humanitar əməkdaşlıq və təcrübə mübadiləsi vasitəsilə etimadı gücləndirməyə imkan verən canlı mexanizmdir.

Konfrans öz işini tematik mövzular üzrə sessiyalarla davam etdirib.

Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun şöbə müdiri Azamat Sulimanovun moderatorluğu ilə keçirilən “Dialoqdan dayanıqlı mexanizmlərə: C6 əməkdaşlığının gələcəyi” mövzusunda birinci sessiyada formal institutların zəruriliyi və çevik əməkdaşlıq formatlarının effektivliyi müzakirə edilib.

Sessiya çərçivəsində mövcud mexanizmlər dəyərləndirilib, regional dialoqun institusionallaşdırılmasında beyin mərkəzlərinin rolu diqqət mərkəzində olub.

BMTM-in baş məsləhətçisi Yunis Qurbanovun moderatorluğu ilə keçirilən “Əlaqəlilik və inkişaf: C6 əməkdaşlığının iqtisadi ölçüsü və dayanıqlı inkişaf” sessiyasında Transxəzər regionu və Orta Dəhliz çərçivəsində regional sinerji, enerji əməkdaşlığı, investisiya imkanları və ekoloji çağırışlar müzakirə edilib.

BMTM-in baş məsləhətçisi Roza Bayramlının moderatorluğu ilə keçirilən “Qlobal qeyri-sabitlik şəraitində C6 regional təhlükəsizliyi” mövzusundakı sessiyada isə təhlükəsizlik sahəsində mövcud ümumi və fərqli təhdidlər təhlil edilib. Müzakirələrdə hərbi-siyasi əməkdaşlıq, xarici aktorlarla münasibətlərdə balansın qorunması və regionun strateji muxtariyyətinin təmin olunması məsələlərinə xüsusi diqqət yetirilib.

Tədbir sual-cavab sessiyası ilə başa çatıb.

***

09:33

Bu gün Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “C6: Vahid region, ortaq gələcək - Strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir.

Teleqraf xəbər verir ki, tədbirdə rəsmi şəxslər, beyin mərkəzlərinin rəhbərləri, diplomatlar və beynəlxalq ekspertlər iştirak edirlər.

Tədbir zamanı “Dialoqdan dayanıqlı mexanizmlərə: C6 əməkdaşlığının gələcəyi”, “Əlaqəlilik və inkişaf: C6 əməkdaşlığının iqtisadi ölçüsü və dayanıqlı inkişaf” və “Qlobal qeyri-sabitlik şəraitində C6 regional təhlükəsizliyi” mövzuları ətrafında müzakirələr aparılır.