BAKI, 18 fevral. TELEQRAF

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Qərb ölkələrini Rusiyanın ölkəsində törətdiyi hərbi cinayətlərə ortaq olduğuna görə Belarus Prezidenti Aleksandr Lukaşenkonu cəzalandırmağa çağırıb.

Teleqraf xəbər verir ki, nazir Kiyevin bu səbəbdən sanksiya tətbiq etdiyini bildirib.

Sibiqanın sözlərinə görə, Lukaşenko və rejiminə qarşı tətbiq olunan sanksiyalar Minskin Ukrayna və Avropanın qalan hissəsi üçün yaratdığı hibrid və təhlükəsizlik təhdidlərinə adekvat, zəruri və əsaslandırılmış cavabdır.

O iddia edib ki, Minskdəki rejim Rusiyanın Ukraynaya qarşı təcavüz cinayətinin şərikidir:

“Lukaşenko Rusiyanın Belarus ərazisindən Ukraynaya hücum üçün imkan yaradıb. Bu gün də Rusiyanın Ukraynaya qarşı apardığı soyqırımı müharibəsinə resurslar, komponentlər, materiallar, sanksiyalardan yayınma mexanizmləri, hətta zərbə dronlarının idarə edilməsi üçün retranslyasiya stansiyaları ilə dəstək verməyə davam edir. Tərəfdaşları bunları izləməyə və Lukaşenkonun Putinlə birlikdə törətdiyi cinayətlər, Belarus xalqına qarşı repressiyalar və Belarus xalqının imkanları və gələcəyini oğurlamasına görə adekvat təzyiqə məruz qalmasını təmin etməyə çağırırıq”.