Azərbaycan Cümhuriyyətinin işğalından sonrakı dövrlərdə mühacirətə gedən tanınmış ictimai-siyasi xadimlərin Türkiyə mətbuatına verdiyi müsahibələrdən bəzilərini öncəki yazılarımızda təqdim etmişdik. Əhməd Ağaoğlu, Sürəyya Ağaoğlu, Əhməd Cəfəroğlu kimi şəxslərin müsahibələri onların həyatı haqqında maraqlı məlumatlar verib. Türkiyə mətbuatını araşdırarkən bu dəfə mühacirətdə Azərbaycan Milli Mərkəzinin sədri olmuş Əbdülvahab Yurdsevərin müsahibəsinə rastladıq. Türk jurnalist Fikrət Obay “Nə üçün evlənmirlər?” rubrikası üçün Əbdülvahab bəylə də söhbətləşib. Müsahibə “Yeni Ulus” qəzetinin 23 fevral 1954-cü il tarixli sayında işıq üzü görüb.

Əbdülvahab Yurdsevər kimdir?

Mühacirətdə Azərbaycan istiqlal mücadiləsinin görkəmli simalarından Əbdülvahab Məhəmmədzadə (Yurdsevər) 1898-ci ildə Bakıda doğulub. 1911-ci ildə III Aleksandr gimnaziyasına daxil olub, bu məktəbdə rus dilini, mədrəsədə isə ərəb və fars dillərini, Qurani-Kərimi öyrənib. 1916-cı ildə “Məhəmmədiyyə” təşkilatına daxil olaraq ictimai-siyasi fəaliyyətə başlayıb. Daha sonra Müsavat Firqəsinin gənclər qoluna daxil olan Əbdülvahab burada Mirzəbala Məhəmmədzadə, Piri Mürsəlzadə, Cəfər Cabbarlı, Kərbəlayı Vəli Mikayılzadə kimi şəxslərlə bərabər mücadilə aparılıb. Cümhuriyyət dövründə Əbdülvahab bəy “Azərbaycan” qəzetində bir sıra məqalələr qələmə alıb. İşğaldan sonra Yurdsevər Mirzəbala Məhəmmədzadənin sədri olduğu Müsavatın gizli komitəsinə daxil olub, lakin 1923-cü ildə həbs edilib, Şimali Qafqaza üçillik sürgünə göndərilib. 1926-cı ildə sürgündən qayıdan Əbdülvahab yenidən həbs edilib, 11 il məhkumluq cəzası verilərək Mərkəzi Rusiyaya göndərilib. Bir müddət Moskvada saxlanıldıqdan sonra Yaroslavl şəhərinə, daha sonra Saratova aparılıb. Saratovda müəyyən qədər rahatlıq tapan Əbdülvahab saxta vəsiqə hazırladıb, sürgündən qaçmağı bacarıb və Daşkəndə doğru yol alıb. Türküstan Maarif Təşkilatına gedən Yurdsevəri bir məktəbə müəllim təyin ediblər. Lakin burada müvəqqəti qala biləcəyini başa düşüb, yenidən hazırlıq görüb, Aşqabada yollanıb, oradan isə İrana keçib. İranda yaxşı qarşılanan Əbdülvahab Tehrana yola düşüb, burada hərbi məktəbə alman dili müəllimi təyin olunub. İranda yaşadığı müddətdə Məhəmmədəmin Rəsulzadə ilə əlaqə saxlayıb, ondan təlimat gözlədiyini bildirib. Həmin vaxt Varşavada olan Rəsulzadə onun yanına gəlməsini istəyib. 1938-ci ildə Polşaya gedən Əbdülvahab bir il orada Rəsulzadə ilə birgə çalışıb. Polşanın işğalından sonra Almaniyaya keçib, daha sonra Türkiyəyə gəlib. Burada Mətbuat və Nəşriyyat Ümumi İdarəsində işə daxil olub. Ərəb, fars, rus, alman dillərini bilib, fransız, ingilis, polyak dillərini isə müəyyən qədər anlayıb. Bir tərəfdən rus mətbuatını izləyib, digər tərəfdən türk radiosunda farsca veriliş aparıb. Həmçinin, türk radiosunda siyasi xəbər təhlilçisi kimi də çalışıb. Eyni zamanda, təhsilini tamamlamaq üçün Ankara Universitetinin hüquq fakültəsinə daxil olub və oranı uğurla bitirib. II Dünya müharibəsi ərəfəsində alman nümayəndələrlə mühacirlər arasındakı danışıqlara qatılmaq üçün Rəsulzadənin dəvətilə Ə. Yurdsevər 1942-ci ildə Berlinə yola düşüb. Bu görüşlər nəticə vermədiyi üçün Rəsulzadə Rumıniyaya, Yurdsevər isə Türkiyəyə qayıdıb.

Rəsulzadənin ölümündən sonra Müsavat Partiyası və Azərbaycan Milli Mərkəzinin rəhbərliyinə Mirzəbala Məhəmmədzadə gətirilib. Lakin həmin vaxtlar Mirzəbala Münxendə Sovet İttifaqını Öyrənmə İnstitutunda çalışdığı üçün bu işlər digər mühacirlərlə yanaşı, Əbdülvahabın üzərinə düşüb. Mirzəbalanın vəfatından sonra Yurdsevər Azərbaycan Milli Mərkəzinin rəhbəri olub. O, II Dünya müharibəsindən sonra prometeyçilərin birləşdiyi Paris blokunun toplantılarında iştirak edib, eləcə də, Sovet İttifaqını Öyrənmə İnstitutunun toplantılarında Azərbaycanı təmsil edib. Azərbaycan Kültür Dərnəyinin rəsmi orqanı olan “Azərbaycan” dərgisində siyasi və ədəbi məqalələr qələmə alıb, xatirələrini yazıb.

Ə. Yurdsevər 1976-cı il oktyabrın 7-də Tunus caddəsindəki evində ürək çatışmazlığından vəfat edib. Dəfn mərasiminə baş nazirin müavini, MHP sədri Alparslan Türkeş, siyasi partiya təmsilçiləri, dərnək üzvləri, həmyerlilər, əsir türk ellərinin təmsilçiləri qatılıb. Dəfn edilərkən mərhumun əmisi oğlu Mehmet Burç mərhumun başına Bakı torpağından qoyub. “Azərbaycan” dərgisinin 220-ci sayı onun xatirəsinə həsr edilib.

Ə. Yurdsevərin Türkiyədə 4 kitabı çap olunub: “Mirzə Fətəli Axundzadənin həyatı və dram əsərləri” (Ankara, 1950), “Azərbaycan dram ədəbiyyatı” (Ankara, 1951), “Sabirin Azərbaycan ədəbiyyatındakı yeri” (Ankara, 1951), “Azərbaycan ədəbiyyatında Vidadi və Vaqifin yaradıcılığı” (Ankara, 1952).

Əbdülvahab bəy ailə həyatı qurmayıb, Türkiyə mətbuatındakı müsahibəsində də jurnalist daha çox bu mövzuya toxunub. Ona görə də müsahibənin gedişatında Əbdülvahab bəyin söylədiyi maraqlı bölmələri təqdim edirik:

“Mənə dayımın qızını alacaqdılar”

“Mən rus imperializmi səbəbindən evlənə bilmədim. Bolşevik düşərgələrində sürünməkdən evlənməyə vaxt qalmadı. Əvvəlcə çara qarşı cəbhə açmışdıq. 1917-ci il ixtilalına qədər çarla mübarizə apardıq. Çarlıq devrilincə müstəqil Azərbaycan dövləti quruldu. Bütün dünya Azərbaycanı rəsmən tanıdı. Fəqət bu səfər də bolşevik bəlası çıxdı. Yenidən çətin bir mücadilə başladı. Bolşeviklər 1920-ci ildə Azərbaycana gəldilər. Mən liseyi bitirmiş, Dil Tarix Fakültəsinə girmişdim. Mücadilənin tam içərisində idim. O zaman başlayan bu müqavimət indi də orada davam edir. Nəhayət, 1923-cü ildə qırmızılar onlarla savaşan bir çox şəxslə birgə məni də həbs edib şimaldakı rus düşərgələrinə sürgün etdilər. Atam evlənməyim üçün çox israr edirdi. Mənə dayımın qızını alacaqdılar. Bir gün atama vəziyyəti izah etdim: “Necə olsa, bu həriflər məni bir gün tutacaqlar. Arvad-uşaq sənin başına qalacaq. Evlənməyim üçün israr etmə”. Atam mənimlə razılaşmışdı. Bir gün hücrədə başımı dəmirə dayamış “hey yalan dünya, hey” deyə öz-özümə danışırdım. Pəncərədəki rus gözətçi “sən hələ sevgilini sayıqla, tezliklə gəbərəcəksən, öldürəcəyik səni” dedi. “Hansı sevgili?” deyə soruşdum. “Bayaqdan Dünya, Dünya” deyirsən də”. Sonra xatırladım, Dünya ruslarda çox istifadə edilən bir qadın adıdır”.

“1943-cü ildə hüquqşünas kimi məzun oldum”

“1934-cü ildə minbir müşkülatla İrana qaçdıq. Bu qaçışın hekayəsi çox uzundur. İranda 4-5 il qaldım. Hərb akademiyasında alman dili müəllimi oldum. Alman dilini düşərgələrdəki professorlardan öyrənmişdim. Düşərgələr beynəlxalq alimlərlə dolu idi. İranda müəllim və mütərcimliklə bir az pul topladım və 1938-ci ildə Siyasi Elmlər Məktəbində siyasət üzrə oxumaq üçün Varşavaya getdim. Mən orada ikən İkinci Dünya müharibəsi başladı. İyirmi bir gün mühasirədə qaldıq. Bir mən bilirəm ki, orada necə sıxıntı çəkdik. Polşadan Almaniyaya keçdim. Təhsilimi orada davam etdirmək istəyirdim. Fəqət hərb başladığı üçün bütün xarici tələbələr məmləkətlərinə dönməyə başlamışdı. Mən də Türkiyəyə gəldim, hüquq fakültəsinə qəbul oldum. 1943-cü ildə hüquqşünas kimi məzun oldum. Həmin vaxt 44 yaşım vardı. Bütün sənədlərim, doplomlarım Bakıda qalmışdı. İran məktəblərindən yenidən diplomlar, sənədlər almışdım. Ankara Universiteti Varşava Universitetindən gətirdiyim sənədlər əsasında məni qəbul etdi. Bu zaman ərzində tərcüməçilik edərək dolanırdım. Hüququ bitirincə doktorluq üçün təkrar Almaniyaya getdim. Almaniya səfalət içərisində üzürdü. Yaşamaq mümkün deyildi. Çarəsiz geri qayıtdım”.

“Latıncanı məktəbdə öyrətdilər”

“Bundan sonra da evlənməyə niyyətim yoxdur. Kitablarım var, oxuyuram, yazıram. Rus, ingilis, fransız, ərəb, fars, alman, polyak və bütün slavyan dillərini ləhcələri ilə birlikdə başa düşürəm. Latınca bildiyim üçün italyancanı anlayıram. Lisana marağım var. Asiyada danışılan türkcələri araşdırmışdım. Sonra ərəbcəni öyrəndim. Rus dilini zatən bilirdim. Latıncanı məktəbdə öyrətdilər. O zamanlar rus məktəblərində latıncaya ruscadan daha çox əhəmiyyət verilirdi. İnsan iki-üç dili yaxşı bildisə, digərlərini asan öyrənir. Dillər və qrammatikalar arasındaki bənzərlik kömək edir. İranda gözəl bir kitabxanam vardı, orada qaldı. Evliliyin əleyhinə deyiləm, əvvəla mən müsəlmanam, İslam dininə görə evlənmək savabdır”.

Müsahibəsinin sonunda Əbdülvahab bəy Rusiya haqqında dəqiq fikirlər ifadə edib:

“Rusiya qorxunc bir aləmdir. Xaricilərə, səfirlərə, jurnalistlərə ancaq operaları, muzeyləri, baletləri göstərirlər. Halbuki Rusiyanın əsl iç üzü şimaldakı düşərgələrdir. Oraları görmədən Rusiya haqqında fikir söyləmək olmaz”.