BAKI, 15 noyabr. TELEQRAF

Azərbaycanın NATO yanındakı Nümayəndəliyi və Hərbi Nümayəndəliyi alyansın mənzil-qərargahında keçirilən xeyriyyə tədbirində ("NATO Charity Bazaar") fəal iştirak edib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanındakı Nümayəndəliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, 40 ölkənin bir araya gəldiyi tədbirdə Azərbaycan stendində milli məhsullar və milli mətbəx nümunələri nümayiş etdirilib.

Tədbiri NATO-nun Beynəlxalq Katibliyinin və Beynəlxalq Hərbi Qərargahının yüksəkvəzifəli rəsmiləri, alyansa üzv və tərəfdaş ölkələrin səfirləri, hərbi nümayəndələri, eləcə də digər qonaqlar ziyarət ediblər. Milli məhsullar və zəngin Azərbaycan mətbəxinin təqdim olunduğu stend ziyarətçilərin böyük marağına səbəb olub.