BAKI, 27 oktyabr. TELEQRAF

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkənin Ali rəhbəri Müctəba Xamenei ilə görüşdüyünü iddia edib.

Teleqraf xəbər verir ki, bu barədə o, parlamentin plenar iclasında danışıb.

Spiker bildirib ki, həmişə ona ünvanlanan suallardan biri adətən Xameneinin səhhəti ilə bağlı olur: “Bildirmək istəyirəm ki, ali rəhbərin səhhəti tam qaydasındadır. Görüşdə diqqətimi ən çox cəlb edən məqam onun güclü, enerjili, ümidli, qətiyyətli və sakit olması idi. Ağa ilə söhbət edərkən bu xüsusiyyətlər onda açıq şəkildə hiss olunurdu”.

Qalibaf iddia etdiyi görüşdə müzakirə olunan məsələlərə toxunaraq deyib ki, Xamenei həm ümumi, həm də konkret məsələlər barədə tam məlumatlıdır.

Spiker Xameneinin onları diqqətlə izlədiyini və bir sıra istiqamətlər üzrə göstərişlər verdiyini də iddia edib.

Xatırladaq ki, İranın Əli Xameneidən sonrakı Ali rəhbəri Müctəba Xamenei bu posta seçildiyi mart ayında bəri bir dəfə də ictimaiyyət qarşısına çıxmayıb, foto və ya videogörüntüsü dərc edilməyib. Bu müddətdə dövlət televiziyasında ancaq yazılı müraciətləri yayımlanıb. Müctəbanın ABŞ və İsrailin fevralın 28-də Tehrana hava zərbələrində ağır yaralandığı bildirilir. Həmin hücumda onun atası və sələfi Əli Xamenei ölüb.