BAKI, 27 oktyabr. TELEQRAF
İsrail Baş naziri Benyamin Netanyahu parlament seçkilərinə bir neçə həftə qalmış İrana qarşı yeni hava hücumu həyata keçirilməsi üçün təzyiq göstərsə də, Baş Qərargah rəisi Eyal Zamirin müqaviməti ilə üzləşib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail mənbələrinə istinadla “The New York Times” məlumat yayıb.
Nəşrin yazdığına görə, Netanyahunun seçkilərdən əvvəl hücumun həyata keçirilməsinə niyə bu qədər israr etdiyi bəlli deyil. Halbuki müharibənin yenidən başlaması səsvermə prosesini poza, hətta seçkilərin təxirə salınmasına səbəb ola bilərdi.
“Zamir təcili və ya fövqəladə müdaxiləyə ehtiyac olmadığı qənaətinə gəlib. Baş Qərargah rəisinin belə bir qiymətləndirmə aparması xüsusi əhəmiyyət daşıyırdı. Çünki bu, hücumun hərbi zərurət kimi təqdim edilməsini çətinləşdirirdi”, - mənbə qeyd edib.
NYT-nin mənbələrinə görə, Zamir İrana qarşı əməliyyat keçirilməsinə qarşı olmasa da, bunun seçkilərdən əvvəl həyata keçirilməsinə etiraz edirdi. Zamir və İsrail Hərbi Hava Qüvvələrinin komandanı Omer Tişler belə bir addımın siyasi həssaslığı və onun zəruriliyini ictimaiyyətə izah etməyin çətinliyi ilə bağlı da narahatlıqlarını ifadə ediblər.
Nəşrin məlumatına görə, son günlərdə Zamir Netanyahunun İrana qarşı daha bir əməliyyatın, amma açıq hərbi hücumdan daha aşağı səviyyədə həyata keçirilməsinin tərəfdarı olduğundan narahat olmağa başlayıb. Belə bir əməliyyatın mahiyyəti açıqlanmayıb. Bununla belə, Zamir hesab edib ki, bu addım İranı İsrailə hücum etməyə təhrik edə bilər.
NYT yazıb ki, İsrail ordusu əməliyyat qərarlarının yalnız təhlükəsizlik mülahizələri və onun milli qurum kimi məsuliyyəti əsasında qəbul edildiyini bəyan edib. Netanyahunun ofisi isə şərh vermək xahişinə cavab verməyib.
Netanyahu ilə ordu arasında fikir ayrılığı barədə yayılan məlumatlar onun siyasi rəqiblərinin reaksiyasına səbəb olub. Aviqdor Liberman məsələ ilə bağlı baş prokurorun araşdırma aparmasını tələb edib.
NYT əlavə edib ki, Netanyahu seçki kampaniyasının son günlərində İranla qarşıdurmanı əsas siyasi mesajlarından birinə çevirib və seçkilərdə məğlub olmasının İsrailin mövcudluğunu təhlükə altına sala biləcəyi barədə xəbərdarlıq edib.
Xatırladaq ki, İsraildə parlament seçkiləri bu gün keçirilir.