BAKI, 29 oktyabr. TELEQRAF
Noyabrın 5-6-da Bakıda “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq sammit keçiriləcək.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, sammit BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin və "ASAN xidmət"in birgə təşkilatçılığı ilə baş tutacaq.
"Sammit 2024-cü ilin noyabr ayında Azərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişinin icrası çərçivəsində təşkil olunacaq. Dövlət idarəçiliyi sahəsində innovasiyalar, dövlət sektorunun transformasiyası, dövlət xidmətlərinin innovativ və inteqrasiya olunmuş qaydada göstərilməsi üçün çoxşaxəli yanaşmaların tətbiqi ilə bağlı Azərbaycanda həyata keçirilən islahatlar və “ASAN xidmət” ilə tanışlıq, habelə bu sahədə Cənub–Cənub, Şimal–Cənub və üçtərəfli əməkdaşlıq kimi mühüm mövzuların müzakirəsi nəzərdə tutulur.
Məhəmmədəli Xudaverdiyevin sözlərinə görə, “ASAN xidmət” təcrübəsi tədbir zamanı müzakirə olunacaq əsas məsələlərdən biri olacaq.
"Sammitdə BMT-yə üzv olan 70-dən çox ölkədən 200-ə yaxın nümayəndənin iştirakı gözlənilir. İştirakçılar tədbir çərçivəsində “ASAN xidmət” modeli ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər", - o vurğulayıb.