BAKI, 29 oktyabr. TELEQRAF

Qazaxıstanda sovet irsindən imtina prosesi fəallaşıb. Kostanay vilayətinin Kuşmurun qəsəbəsində vilayət akimatının tələbi ilə keçmiş SSRİ-nin lideri Vladimir Leninin abidəsi sökülüb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

“Qazaxıstanın Kostanay vilayətinin Kuşmurun qəsəbəsində vilayət akimatının tələbi ilə Leninin abidəsi sökülüb. Bu qərar qəfil verilməyib: mərkəzi meydandakı sovet simvolundan qurtulmaq cəhdləri hələ 2015-2022-ci illərdə də olmuşdu. Amma həmin vaxt SSRİ tərəfdarları öz kumirlərini müdafiə edə bilmişdilər. Bu il isə vilayət rəhbərliyi nəhayət, bu məsələyə son qoyub”, - məlumatda bildirilib.

Qeyd olunub ki, abidənin sökülməsi yerli sakinlərin tələbi ilə həyata keçirilib. Sakinlər bu qərarı dəstəkləmək üçün təxminən 400 imza toplayıblar. Qurumun bildirdiyinə görə, təşəbbüs qrupunun üzvləri mövqelərini sovet rejiminin birbaşa olaraq aclıq faciəsi və siyasi repressiyalarla bağlı olması ilə əsaslandırırlar.

1930-cu illərin əvvəllərində Qazaxıstanda baş vermiş kütləvi aclıq - “Aşarşilik” qurbanlarının sayı müxtəlif hesablamalara görə 2,3 milyon nəfərə çatır. Bu, həmin dövrdə ölkə əhalisinin təxminən yarısı deməkdir. Mütəxəssislər bu hadisələri Ukraynadakı Qolodomorla müqayisə edərək, bunu “Qazax Qolodomor”u adlandırırlar.

Bildirilib ki, ucqar Qazaxıstan qəsəbəsində Leninin abidəsinin sökülməsi ilk baxışdan əhəmiyyətsiz hadisə kimi görünsə də, Rusiyada ciddi narahatlıq yaradıb.

“Qazaxıstan və Ukrayna faciələrinin eyniləşdirilməsi, eləcə də sovet irsindən imtinanın digər elementləri keçmiş SSRİ respublikaları üçün “xoşbəxt sovet keçmişi” barədə Rusiya narrativlərini tamamilə dağıdır”, - qurum vurğulayıb.

Ukraynanın Xarici Kəşfiyyat Xidməti xatırladıb ki, Rusiya bütün beynəlxalq platformalarda özünü Sovet İttifaqının hüquqi varisi kimi təqdim edir:

“SSRİ-nin dağılmasından sonra yaranmış hər bir dövlətin milli tarixinin - bütün faciələri və iztirabları ilə birlikdə yenidən gündəmə gətirilməsi sovet dövrü ilə əlaqəli mifləri aradan qaldırır. Bu yeni yanaşma ilə aydın olur ki, bütün respublikalar Moskvanın biabırçı idarəçiliyi altında zorla saxlanılıb. Buna uyğun olaraq, özünü SSRİ-nin hüquqi varisi hesab edən Rusiya məsuliyyət daşımalıdır”.

Kəşfiyyat xidməti diqqətə çatdırıb ki, son vaxtlar Mərkəzi Asiyanın bütün ölkələrində sovet irsindən imtina prosesləri fəallaşıb, bununla yanaşı, hər bir ölkədə bu proseslərin özünəməxsus xüsusiyyətləri var: “Qırğızıstanda bu il tam dekommunizasiya və derusifikasiya çağırışları səslənir. Özbəkistan isə ümumiyyətlə, regionda bu proseslərin lideri hesab olunur. Tacikistan milli kimliyin və tarixi şüurun möhkəmləndirilməsinə diqqət yetirir”.

Qurumun məlumatına görə, Türkmənistan isə təcridçilik və neytrallıq modelinə əsaslanan milli suverenlik quruculuğunda öz yolunu tutur: “Yanaşmalar fərqli olsa da, Mərkəzi Asiya ölkələrində sovet irsindən imtina proseslərinin (dekommunizasiya və derusifikasiya) hamısı eyni məqsədə - Rusiyadan asılılığı və onun təsirini azaltmağa yönəlib”.