BAKI, 29 oktyabr. TELEQRAF
Ukrayna Rusiyanın ən təsirli siyasi alətlərindən birini - BMT-yə üzvlük statusunu əlindən almaq üçün kifayət qədər iddialı plan hazırlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Foreign Policy” məlumat yayıb.
Ukrayna tərəfinin fikrincə, Rusiya təkcə SSRİ-nin adını dəyişməsi nəticəsində yaranmış dövlət deyil, yeni dövlətdir: “Dövlət adını dəyişdikdə bu barədə BMT-yə sadələşdirilmiş qaydada məlumat verməlidir. Amma yeni dövlətin təşkilata üzvlüyə qəbul edilməsi daha uzun və mürəkkəb prosedurdur”.
Ukraynanın BMT-dəki keçmiş daimi nümayəndəsi Vladimir Yelçenkonun sözlərinə görə, yeni yaranmış Rusiyanın SSRİ-nin hüquqi varisi kimi tanınması səhv idi: “Bu, əsrin ən böyük saxtakarlığıdır: Rusiya Federasiyası BMT Nizamnaməsini heç vaxt imzalamayıb”.
Qeyd edilib ki, SSRİ-nin dağılması ilə müstəqil olan digər ölkələr BMT-yə üzvlük üçün tam prosedurdan keçiblər. Rusiya isə BMT Nizamnaməsinin 4-cü maddəsində nəzərdə tutulan rəsmi qəbul səsverməsindən keçmədən, yalnız qeyri-rəsmi məktubla kifayətlənib. Bununla belə, Rusiyanın hər hansı texniki əsasla BMT-də iştirakının dayandırılması, xüsusilə də onun Təhlükəsizlik Şurasındakı yerindən məhrum edilməsi ehtimalı çox aşağıdır. Ukrayna isə hesab edir ki, belə bir müzakirənin başlanması belə müəyyən üstünlüklər yarada bilər.
Yelçenko və həmkarları Filip Orlik Fondunun dəstəyi ilə bu prosesi başlatmaq üçün artıq plan hazırlayıblar. İlk növbədə, onlar Ukraynanın və onun mövqeyini dəstəkləyən digər nümayəndə heyətlərinin bu məsələni BMT Baş Assambleyasının rəsmi gündəliyinə daxil etməsinə nail olmağı planlaşdırırlar. Bunun gələn il baş verməsi də mümkündür. Ümid edirlər ki, məsələ ətrafında açıq müzakirələr Kremldə narazılıq yaradacaq və daha geniş müzakirəyə yol açacaq.
Təklif çərçivəsində məsələni doqquz BMT üzvündən ibarət Etimadnamələrin Yoxlanılması Komitəsinin müzakirəsinə çıxarmaq da nəzərdə tutulur. Məqalədə qeyd olunub ki, komitənin hesabatının hazırlanması üçün yekdil qərar tələb olunmasa da, Rusiya, Çin və ABŞ kimi daimi üzvlərin komitədə təmsil olunması hər hansı tədbirin qəbul edilməsini praktiki olaraq mümkünsüz edir.
Bununla belə, bu hal təklifin Baş Assambleyada səsə qoyulmasına mane olmur. Təklifin qəbul edilməsi üçün sadə səs çoxluğu kifayətdir. Təhlükəsizlik Şurasının mahiyyət üzrə qətnamələrə veto qoymaq hüququ olsa da, Baş Assambleyanın prosedur qərarlarına müdaxilə etmək səlahiyyəti yoxdur.
BMT tarixində üzv dövlətin səlahiyyətlərinin dondurulması ilə bağlı presedent artıq mövcuddur. 1974-cü ildə aparteid dövründə Cənubi Afrika Respublikasının nümayəndələrinin təşkilatın fəaliyyətində iştirakı faktiki olaraq dayandırılmışdı. Bu tədbir təsirli olsa da, tətbiqi prosesi indiyədək mübahisələr doğurur.
Ukrayna indiyədək Rusiyanın işğalını pisləyən qətnamələrin qəbulu zamanı BMT-də geniş dəstək qazanmağa nail olub. Amma Rusiyanın təşkilatda iştirakının dayandırılmasını dəstəkləyəcək müttəfiqlər tapmaq daha çətin ola bilər.
Yelçenkonun sözlərinə görə, bunun səbəbi sadədir: “Rusiya BMT-dən müxtəlif məqsədlər üçün istifadə edir. Məsələn, özünü və digər təcavüzkarları qorumaq üçün veto hüququndan yararlanır. Eyni zamanda, BMT-dən təbliğatını yaymaq üçün tribunaya çevrilmiş platforma kimi də istifadə edir”.