BAKI, 19 oktyabr. TELEQRAF
“Qarabağ” Futbol Klubu Akademiyasının məşqçiləri peşəkar inkişaf proqramını başa vurduqları üçün təltif olunublar.
Teleqraf xəbər verir ki, Azərbaycan İdman Akademiyası (ASA) və “Qarabağ” Futbol Klubu Akademiyasının əməkdaşlığı çərçivəsində həyata keçirilən “Futbol məşqçilərinin peşəkar inkişaf proqramı”nın yekunlarına həsr olunan tədbir keçirilib.
Azərbaycan İdman Akademiyasında baş tutan tədbirdə proqramı uğurla başa vuran “Qarabağ” Futbol Klubu Akademiyasının məşqçiləri təltif ediliblər.
Tədbirdə “Qarabağ”ın baş direktoru Emrah Çelikel və Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev çıxış ediblər.
ASA-nın rektoru Fuad Hacıyev Azərbaycan futbolunun inkişafı üçün məşqçilərin nəzəri bilikləri və praktiki təcrübələri ilə yanaşı, pedaqoji bacarıqlarının da artırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu məqsədlə keçirilən təlimlər məşqçilərin mövcud vəziyyəti düzgün qiymətləndirməsinə və gələcək hədəfləri müəyyənləşdirməsinə kömək edir.