BAKI, 19 oktyabr. TELEQRAF

ABŞ-nin dövlət katibi Marko Rubio Ukraynanın Donbasın nəzarətində olan hissəsindən qoşunlarını çıxarmaq istəməməsini münaqişənin davam etməsinin əsas səbəbi adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə Marko Rubio "Breitbart" portalına müsahibəsində bildirib.

"Ukrayna bəyan edir ki, Donbasın qalan 11 faizini təhvil verə bilmərik, çünki bu müdafiə xətti bizim sonuncu mövqeyimizdir. Beləliklə, münaqişənin əsasını bu məsələ təşkil edir. Başqa çoxsaylı problemlər də var, lakin nəticə etibarilə münaqişə məhz buna görə davam edir", - M.Rubio qeyd edib.

Onun sözlərinə görə, Vaşinqton bütün tərəflər arasında kompromis əldə etməyin çətinliyi səbəbindən danışıqlar prosesinin mürəkkəbləşdiyini düşünür:

"Hesab edirik ki, bu müharibə sonda başa çatacaq. Lakin bu, səylərin zəif olması və ya ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin, xüsusi nümayəndəsi Stiven Uitkoffun və digərlərinin bu məsələyə kifayət qədər vaxt ayırmaması ilə bağlı deyil. Problem təsvir etdiyim vəziyyətin dalana dirənməsidir".