BAKI, 15 oktyabr. TELEQRAF

“Benyamin Netanyahu hökumətinin İran və İsrailə yaxın digər təhdidlərə qarşı siyasəti hücum xarakterlidir”.

Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats deyib.

O vurğulayıb ki, hücum, düşmənin məhv edilməsi və təhdidlərin aradan qaldırılması İsrail hökumətinin prioritetidir.

Kats İsrail Baş naziri Benyamin Netanyahunun sərhəd təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı açıqlamalarına toxunaraq bildirib ki, təhlükəsizlik zonalarının yaradılması, sərhəd hasarlarının tikilməsi və hərbi qüvvələrin yerləşdirilməsi İsrailin müdafiə planının mühüm hissələridir.

“Bu, hücum xarakterli və təşəbbüsə əsaslanan siyasətdir. Baş nazir bu siyasət çərçivəsində İsraili və ordusunu həm uzaqdakı İran təhdidinə, həm də yaxınlıqdakı təhlükələrə qarşı istiqamətləndirir. Hər şeydən əvvəl hücum, düşmənin məhv edilməsi, təhdidlərin aradan qaldırılması və İsrail vətəndaşları üçün güclü müdafiənin yaradılması prioritetdir”, - müdafiə naziri əlavə edib.