İSRAİL, 19 oktyabr. TELEQRAF
Azərbaycan və Qazaxıstandan olan 18 nəfərlik birgə nümayəndə heyəti İsrailə səfər edib.
Teleqraf-ın İsrailə ezam olunmuş əməkdaşı xəbər verir ki, səfərin məqsədi ölkənin innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrindəki təcrübəsi ilə tanış olmaqdır.
Nümayəndə heyətinə Azərbaycandan 7, Qazaxıstandan isə 11 nəfər olmaqla, qeyd olunan sahələrdə fəaliyyət göstərən mütəxəssislər daxildir.
Birgə nümayəndə heyəti səfərin rəsmi proqramına başlamazdan əvvəl İsrailin tarixi, dini və mədəni irsi ilə tanış olub.
Heyət ilk olaraq Qüdsün qədim şəhərinin xristian məhəlləsində yerləşən Müqəddəs Qəbir Kilsəsini ziyarət edib. Xristian dünyasının ən müqəddəs ziyarətgahlarından biri hesab olunan kilsənin tarixi IV əsrə gedib çıxır. Nümayəndə heyətinə kilsənin tarixi, eləcə də xristian inancına görə İsa Məsihin çarmıxa çəkildiyi, dəfn olunduğu və dirildiyi yer barədə məlumat verilib.
Daha sonra nümayəndə heyəti Qüdsün qədim şəhərində, Məbəd dağının qərb tərəfində yerləşən Qərb Divarını ziyarət edib. Qədim yəhudi məbədinin istinad divarının bir hissəsi olan bu məkan yəhudilikdə ən müqəddəs ibadət yerlərindən biri sayılır. Divar beynəlxalq səviyyədə daha çox “Ağlama Divarı” adı ilə də tanınır.
Səfər çərçivəsində nümayəndə heyəti İsrailin Holokost qurbanlarının xatirəsinə həsr olunmuş rəsmi memorialı – "Yad Vaşem" kompleksini də ziyarət edib. Burada iştirakçılara İkinci Dünya müharibəsi zamanı nasist Almaniyası və onun əlaltıları tərəfindən altı milyon yəhudinin öldürülməsi ilə nəticələnən Holokostun tarixi, qurbanların xatirəsinin qorunması və faciənin gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlər barədə məlumat verilib.
Qeyd edək ki, səfər çərçivəsində nümayəndə heyətinin İsrailin innovasiya, süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal texnologiyalar və səhiyyə texnologiyaları sahələrində fəaliyyət göstərən şirkət və qurumları ilə görüşləri nəzərdə tutulub. Proqram çərçivəsində iştirakçılar İsrailin texnoloji həlləri, kibertəhlükəsizlik infrastrukturu, süni intellektin tətbiqi və innovativ tibbi texnologiyalar sahəsində təcrübəsi ilə tanış olacaqlar.