BAKI, 19 oktyabr. TELEQRAF
“Biz yalnız bir sertifikatla kifayətlənmək istəmirik. Məqsədimiz məşqçilərimizin davamlı inkişafını təmin etməkdir”.
Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın baş direktoru Emrah Çelikel məşqçilər üçün Azərbaycan İdman Akademiyasında təşkil olunan təlim proqramında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, proqram çərçivəsində 20-dən çox məşqçi iştirak edib və akademiyada çalışan, demək olar ki, bütün məşqçi heyəti prosesə cəlb olunub.
“Bu gün bizim üçün, həqiqətən də, əlamətdar gündür. Azərbaycan İdman Akademiyasında ilk mərhələni, demək olar ki, başa vurmuşuq. Məşqçilər üçün təşkil olunan bu təlim proqramının futbola böyük fayda verəcəyinə inanırıq. Proqram məşqçilərin inkişafını, uşaqlara yanaşmasını, ailə və valideynlərlə münasibətlərini elmi əsaslarla izah edən çox faydalı təşəbbüsdür. Burada ehtiyac duyduğumuz peşəkar dəstəyi aldıq. Azərbaycan İdman Akademiyası ilə əməkdaşlığımızın bundan sonra da genişlənərək davam edəcəyinə inanırıq”, – deyə o bildirib.
Klub rəsmisi qeyd edib ki, təlim proqramının təşkili ilə bağlı təşəbbüs onların tərəfindən irəli sürülüb və Azərbaycan İdman Akademiyasına müraciət olunub. Müraciətin müsbət qarşılandığını vurğulayan Çelikel əlavə edib ki, əməkdaşlıq çərçivəsində gələcəkdə yeni təlim proqramlarının təşkili və mövcud proqramın yenilənməsi də nəzərdə tutulur.
O, məşqçilərin nəticələri ilə bağlı tələblərdən də danışıb. Bildirib ki, onlardan ən azı 70 bal toplamaq gözlənilir:
“İlk növbədə, məşqçilərimizin təlim proqramı çərçivəsində müəyyən edilmiş tələbləri yerinə yetirməsini istəyirik. 60 və daha yüksək bal qənaətbəxş, 70 və daha yüksək bal isə yaxşı nəticə hesab olunur. Biz bütün məşqçilərimizdən 70-dən yuxarı bal toplamağı gözləyirik. Bu nəticəyə nail olmayan məşqçilərə Azərbaycan İdman Akademiyasının müəyyən etdiyi meyarlar çərçivəsində əlavə imkanlar veriləcək. Tələblərimizi yerinə yetirməyən məşqçilərlə isə yollarımızı ayıracağıq”.