BAKI, 19 oktyabr. TELEQRAF

ABŞ dövlət katibi Marko Rubio İranı “Yaxın Şərqdə qeyri-sabitliyin və müharibələrin bir nömrəli səbəbi” və “sülhün qarşısındakı ən böyük maneə” adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, “Breitbart”a müsahibəsində danışıb.

Dövlət katibi bildirib ki, İran olmasaydı, Fələstin məsələsinin həlli daha asan olardı.

Rubionun sözlərinə görə, ABŞ İranın hərbi potensialının böyük hissəsini, o cümlədən hərbi dəniz və hava qüvvələrini, raket və dron istehsal edən zavodları məhv edib. O əlavə edib ki, hazırda İranın geniş əraziləri gələcək hücumlar qarşısında müdafiəsiz vəziyyətdədir.

ABŞ dövlət katibi vurğulayıb ki, İran Hörmüz boğazına nəzarəti itirib və son 10 gün ərzində bu boğazdan gündəlik orta hesabla 13-14 milyon barel neft daşınıb.

O əlavə edib ki, ABŞ-nin sanksiyaları və blokadası İranın “Hizbullah”, HƏMAS, İraqdakı silahlı qruplaşmalar və nüvə proqramı üçün ayırdığı maliyyə vəsaitlərini azaldacaq.