BAKI, 15 oktyabr. TELEQRAF
“Türkiyənin həm İsraillə birlikdə Səudiyyə Ərəbistanını husilərə qarşı qoruması, həm də qətiyyətli Qəzza siyasəti aparması mümkün deyil”.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin müxalif “Zəfər” partiyasının sədri Ümit Özdağ deyib.
Siyasətçi Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında qurulan Məkkə Müdafiə İttifaqı ilə bağlı gedən müzakirələri belə şərh edib:
“Məkkə Müdafiə İttifaqı kimə qarşı qurulub? İddia edirlər ki, heç kimə qarşı qurulmayıb, çəkindiricilik üçündür. Bəs Türkiyə ordusunun döyüşməsi istənilən husilər kimlərdir? 2014-cü ildə Yəməndə vətəndaş müharibəsi başladı. Husilər həmin il Xudeyda limanı və Səna şəhərini ələ keçirdilər. Səudiyyə Ərəbistanı bundan sonra husilərə hücum edərək, müharibəni başlatdı. Yəni müharibəni Səudiyyə Ərəbistanı başladıb.
Bu gün husi-Səudiyyə Ərəbistanı müharibəsi İsrail-ABŞ və İran müharibəsinin yan cəbhəsi kimi davam edir. Və Səudiyyə Ərəbistanına gedən Pakistan zabitləri və generalları İsrailin hərbi məsləhətçiləri ilə qarşılaşdılar. Səudiyyə Ərəbistanı ilə İsrail arasında hərbi-kəşfiyyat sahəsində əməkdaşlıq var. İndi siz həm İsrailə “one minute” (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailin keçmiş prezidenti Ariel Şarona söylədiyi məşhur söz - red.) deyəcəksiniz, həm də İsrailin hərbi məsləhətçiləri ilə birlikdə Səudiyyə Ərəbistanı husilərə qarşı qoruyacaqsınız, həmçinin “qətiyyətli” bir Qəzza siyasətiniz olacaq? Mümkün deyil.
“İttifaq kimsəyə qarşı deyil, çəkindiricilik üçündür” deyirsiniz- bizi ağılsız hesab edirsiniz? Kimi çəkindirəcəksiniz? Bir qrup ölkə bir araya yığılıb “gəlin, çəkindirici olaq” deyə bilərmi? Uqandanı çəkindirəcəksiniz? Yoxsa bu çəkindiriciliyin qarşısına Yeni Zelandiya var? Kimi çəkindirəcəksiniz?”.