BAKI, 8 oktyabr. TELEQRAF

Yəmən Silahlı Qüvvələri Bab əl-Məndəb boğazına nəzarətə imkan verən dağlıq Kəhbub bölgəsini tam geri aldıqlarını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu, qiyamçı “Ənsarallah” Hərəkatının (husilər) nəzarətindəki ərazilərin azad edilməsi əməliyyatları çərçivəsində baş verib.

Açıqlamada bildirilib ki, Yəmən qüvvələri bölgə üzərində tam nəzarəti təmin edib. Bəyanatda itkilərin sayı və ya əməliyyatda iştirak edən qüvvələrin miqyası barədə məlumat verilməyib.

Kəhbub inzibati baxımdan Yəmənin cənubundakı Ləhic vilayətinə daxildir və Bab əl-Məndəb boğazına nəzarət edən strateji əhəmiyyətli dağ silsiləsini əhatə edir. Bu xüsusiyyət ona boğazı və qərb sahilini izləmək baxımından hərbi əhəmiyyət qazandırır.