BAKI, 6 oktyabr. TELEQRAF

“Husilər İranı dəstəkləyir və onların uzun əlləri var, bu əllər İrana zərər vurmaq istəyən hər kəsin üzərinə enə bilər”.

Teleqraf xəbər verir ki, bunu Yəmənin qiyamçı “Ənsarallah” Hərəkatının (husilər) “müdafiə nazirinin müşaviri” Məhəmməd əs-Sur “Defa Press”ə deyib.

Husilərin nümayəndəsi “Ənsarallah”ın İranın Yaxın Şərqdəki proksi şəbəkəsinə daxil olduğunu etiraf edib:

“Biz İranın müqavimət oxunun bir hissəsiyik. İran bütün sahələrdə bizim yanımızda dayanan və bizi tərk etməyən yeganə ölkədir - nə bizi, nə Livanı, nə də İraqı”.

Əs-Sur əlavə edib ki, husilər və İran “vahid güc” olaraq qalacaq: “Bab əl-Məndəb boğazı bizim əlimizdədir və əgər onun bağlanmasının düşmənlə mübarizədə İranın xeyrinə olduğunu görsək, bunu etməkdə tərəddüd etməyəcəyik”.

Husilərin nümayəndəsi Səudiyyə Ərəbistanı ilə müharibə barədə isə bildirib ki, onlar bu qarşıdurmanın ölkənin dərinliklərinə yönəldilməsinə fokuslanıblar: “Aramco” şirkətinə, həyati əhəmiyyətli obyektlərə, enerji mərkəzlərinə, neftayırma zavodlarına, elektrik stansiyalarına və qərar qəbuletmə mərkəzlərinə zərbə endirməkdən tərəddüd etməyəcəyik”.