BAKI, 13 sentyabr. TELEQRAF

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza şəhərində keçirdiyi əməliyyatla "HƏMAS"ın hərbi qanadının mühəndislik bölməsinin iki üzvünü məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumata görə, zərərsizləşdirilən şəxslər Həsən Əli Əbu Nada və Əbd ər-Rəhim Əhməd Xəlil Xavadır. Onlar İsrail hərbçilərinə və mülki əhaliyə qarşı hücumların təşkilində, habelə silah istehsalı və atəşkəs rejiminin pozulmasında ittiham olunurdular.

Zərbə öncəsi mülki şəxslər arasında tələfatın qarşısını almaq üçün dəqiq sursatlardan və hava müşahidəsindən istifadə edilib. Bölmələrin təhlükəsizlik təhdidlərini aradan qaldırmaq üçün ərazidə əməliyyatları davam etdirdiyi vurğulanır.