BAKI, 19 avqust. TELEQRAF
“Anlaşma memorandumu” adlandırılan kağız parçasının mahiyyəti ABŞ-nin maraqlarının təmin edilməsi, İsrail üçün vaxt qazanılması və bizim üçün tam itki idi”.
Teleqraf xəbər verir ki, bu barədə İranın Ali rəhbəri Əli Xameneiyə bağlı “Keyhan” qəzeti yazıb.
Nəşr bildirib ki, ABŞ anlaşma üzrə öhdəlikləri pozub, İrana hücumu davam etdirməklə onu etibarsızlaşdırıb.
Qəzet İran Prezidenti Məsud Pezeşkian və parlamentin sədri Məhəmməd Baqir Qalibafın anlaşma memorandumunu “qürurverici” adlandıran açıqlamalarını tənqid edib:
“Hörmüz boğazının bağlı və ya açıq olması bu razılaşma ilə əlaqəli deyil. ABŞ-nin pozduğu razılaşma artıq İran İslam Respublikasının fəaliyyəti üçün əsas ola bilməz və onu qoruyub saxlamaqda israr etmək düşmənə “zəiflik mesajı” göndərmək deməkdir”.
“Keyhan” həmçinin ABŞ-nin İranın cənubuna, İsrailin isə Livana hücumlarına toxunaraq, Vaşinqtonla anlaşmaya əsaslanan yanaşmaya son qoyulmasını tələb edib.