BAKI, 16 avqust. TELEQRAF

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın Deyr əz-Zəhrani bölgəsində keçirdiyi əməliyyat nəticəsində "Hizbullah" terror təşkilatının "Bəddər" bölməsinin yüksəkrütbəli komandiri Əbu Həsən Əlanı məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat Xidməti məlumat paylaşıb.

Məlumata görə, Ə.Əla Livanın cənubundakı təhlükəsizlik zonasında İsrail hərbçilərinə qarşı təşkil edilən hücumların, o cümlədən partlayıcı yüklü PUA zərbələrinin təşkilində və idarə olunmasında birbaşa iştirak edib. Onun zərərsizləşdirilməsi "Hizbullah"ın həmin bölməsində komandanlıq imkanlarına ciddi zərbə vurub.

İsrail ordusu "Hizbullah"ın mülki şəxslərə və hərbçilərə yönəlmiş təhdidlərinə qarşı əməliyyatları davam etdirəcəyini bəyan edib.